Многофункциональное мобильное приложение Yelo

Все новости

Новости

Fərid Məmmədov - #YeloTeam müsahibə

Fərid, İngiltərənin prestijli Lids Universitetindən məzun oldun. Təbrik edirik! Bu universitetdə oxumaq qərarına necə gəldin? Buradakı təhsil peşəkar karyerana nə kimi təsir göstərdi?

Təbrik üçün çox sağ olun! Lids Universitetində oxumaq həmişə mənim xəyalım olub. 2012-ci ildə Prezident təqaüdü qazanıb, 2016-cı ildə hüquq üzrə bakalavr təhsilimi fərqlənmə ilə tamamladıqdan sonra bank sahəsində işə başlamışam. O vaxtdan bu günədək bank sektorunda çalışıram və həmişə bank-maliyyə hüququ sahəsində ixtisaslaşmağı arzulamışam. Doğrusu, mən Almaniya və Avstriya universitetlərindən də təqaüd qazanıb, təhsil almaq imkanı əldə etmişdim. Ancaq onların ixtisasları bank-maliyyə hüququ üzrə deyildi. Bu vaxt Lids Universitetindən Beynəlxalq Bank və Maliyyə Hüququ üzrə magistr proqramına dəvət aldım. Bu, mənim üçün gerçək bir xəyalın reallaşması idi. Eyni vaxtda, Yelo Bank-da çalışıb yeni bank məhsulları və xidmətlərinin yaradılmasında yaxından iştirak etməyim və maliyyə alətləri ilə əməliyyatların aparılması üzrə təcrübəm universitetdə öyrəndiyim mövzuları, tədris materiallarını daha yaxşı mənimsəməyimə kömək etdi.

Hüquq sahəsinə marağın nə vaxtdan yaranıb? Bu sahəni seçərkən əsas motivasiyan nə idi?

Marağım bakalavr təhsilinə başladıqdan sonra, hüquq elminin prinsipləri və tətbiq sahələri ilə yaxından tanış olduqca yaranıb. Əsas motivasiyam isə seçdiyim sahədə peşəkar mütəxəssis olmaq idi. Sevindirici haldır ki, bu yolda irəliləyirəm və hər gün peşəmə olan sevgim daha da artır.

Lids Universitetində oxumaq və fərqlənmə diplomu almaq çətin olmadı? Ən böyük çətinlik nə idi və onu necə dəf etdin?

Mən artıq 7 ildən çoxdur ki, bank sahəsində hüquq üzrə praktiki təcrübəyə malikəm, bu da tədris prosesini daha rahat qavramağıma kömək etdi. Lakin etiraf etməliyəm ki, anqlo-sakson hüquq sisteminin dərinliyini anlamaq və qanunvericiliyin ayrılmaz hissəsi olan məhkəmə qərarlarını öyrənmək elə də asan olmurdu.

Ən çətin mərhələ dissertasiyanın hazırlanması idi. Mövzum "Finteklərin maliyyə sahəsinin inkişafında rolu və iqtisadi təsirləri: Birləşmiş Krallıq və Azərbaycanın təcrübəsi fonunda" idi. İngiltərə kimi çox əsrlik maliyyə tarixinə malik bir ölkədə kifayət qədər mənbə var idi. Amma Azərbaycanda maliyyə sistemi hələ yeni formalaşır və bu sahədə praktiki təcrübənin İngiltərə ilə müqayisədə az olması, mənbələrin əlçatan olmaması çətinlik yaradan məqamlardan idi.

Dissertasiyanı hazırlayarkən Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi hesabatlarından, arxiv materiallarından və Yelo Bank-ın innovativ rəqəmsal xidmət modellərindən geniş istifadə etdim. Xüsusilə, Yelo App-in müştərilərlə məsafədən əlaqə qurma üzərə funksionallığı dissertasiyamda konkret misallar kimi yer alıb.

Qısa müddət əvvəl Yelo Bank-da Hüquq Departamentinə menecer təyin olundun. Rəhbər pozisiyada çalışmaq necə bir təcrübədir? İşində hansı dəyərlərə üstünlük verirsən?

Yelo Bank rəhbərliyinə göstərdikləri etimada görə bir daha təşəkkür edirəm. Bu vəzifə böyük məsuliyyət tələb edir, çünki bank əməliyyatlarının hüquqi təminatı və korporativ hüquq münasibətlərinin qanunvericiliyə uyğun təşkilinə birbaşa cavabdehəm.

Eyni zamanda işim çox maraqlıdır. İllərlə topladığım təcrübəni və qazandığım bilikləri tətbiq etmək, hüquq sahəsində yenilikçi ideyaları reallaşdırmaq rəhbərliyimizin əsas hədəflərindən biridir.

Uğurlu karyera qurmaq istəyən həmkarlarına, xüsusilə gənclərə hansı məsləhətləri verərdin? Hüquq sahəsində inkişaf etmək üçün hansı bacarıqlar vacibdir?

Hər kəsin özünəməxsus xüsusiyyətləri var və bu səbəbdən konkret məsləhət vermək hər zaman effektiv olmaya bilər. Lakin şəxsi və peşəkar inkişaf üçün insanın öz güclü və zəif tərəflərini müəyyən edib, onları inkişaf etdirməyə fokuslanmağı çox vacibdir.

Fəridin gələcəkdəki şəxsi və peşəkar hədəfləri nələrdir?

Təhsil alarkən və araşdırmalar apararkən gördüm ki, finteklər Birləşmiş Krallıqda çox sürətlə inkişaf edir və ölkə iqtisadiyyatına milyardlarla funt sterlinq cəlb edir. Yenicə yaranmış bir fintek təşkilatının müştərilərinin sayı demək olar ki, 1 il ərzində 1874-cü ildən fəaliyyət göstərən bankın müştərilərinin sayına çatmışdı. Eyni təcrübənin Azərbaycana da gətirilməsinə töhfə vermək ən böyük arzularımdandır.

Peşəkar hədəflərim çalışdığım bankda müştərilərə bank məhsullarını daha əlçatan etmək üçün hüquqi tənzimləmələrdə dəyişikliklərə dəstək olmaq və ölkəmizdə yeni fintek ideyalarının ortaya çıxarılmasına, onların hüquqi bazasının formalaşdırılmasına kömək etməkdir.