Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Ələkbər Təhməzov - #YeloHobbi müsahibə

- Ələkbər, bizə danışın görək, bu “pula olan sevgi” necə başladı?


- Məsələ bundadır ki, mənim uşaqlıqdan bəri coğrafiyaya xüsusi marağım olub. Hətta dünyanın əksər ölkəsinin paytaxtını, bayrağını əzbər bilirəm. Sonradan fikir verdim ki, hər ölkənin pul əskinazının üstündə sözügedən ölkəyə aid müxtəlif rəmzlər, atribut, simvol və görkəmli şəxslər əks olunub. Məsələn, Misirin əskinaslarının üzərində faraonlar, Sfinks və ya Kleopatra var. Tanzaniyanın köhnə sikkələrinin üzərində isə kərgədan, şir əks olunub – razılaşın ki, bu, həqiqətən də maraqlıdır! Nəticədə, pul əskinaslarını sırf bu maraq səbəbindən yığmağa başladım. Necə başladımsa, gördüm ki, bu iş lap ürəyimcədir və o gün bu gündür, onlar (əskinaslar) həyatımın ayrılmaz hissəsinə çevriliblər. Hal-hazırda deyə bilərəm ki, pul əskinası və sikkələr kolleksiyam var. 


- Sizin indi bank işçisi olmağınızın arxasında bu “pul sevgisi” dayanmayıb ki, təsadüfən?


- Etiraf edirəm ki, bankda işləməyi lap balaca vaxtlarımdan arzulamışam və bu istək məhz pula olan sevgimdən yaranıb. Uşaq vaxtı fikirləşirdim ki, mən mütləq bankda işləməliyəm, çünki orada dünyanın hər ölkəsinin pulu olacaq. Memarlıq universitetinin dizayn fakultəsini bitirməyimə baxmayaraq, hər zaman bankda işləməyi arzulamışam və arzularımın dalınca getmişəm. Nəticədə bu gün sizin qarşınızda Keyfiyyətə Nəzarət şöbəsinin aparıcı mütəxəssisi oturub. :)


- Təxmini də olsa, hal-hazırda sizin kolleksiyanızda nə qədər pul var?


- Dəqiq deyə bilməyəcəm, amma təxminən 300 bir-birindən fərqlənən metaldan və müxtəlif ölçüdə köhnə sikkələr və 100-ə yaxın dünyanın əksər ölkələrinə aid pul əskinası var.  


- Bəs kolleksiyanızda sizin üçün ən əziz və dəyərli, xüsusi olaraq ayırdığınız pul varmı?


- Gözləyin, bir az düşünməliyəm... Əslində, hansınısa ayırmaq çətindir, çünki hər bir əskinasın öz tarixi var... Amma onu da qeyd edim ki, kolleksiyamda erməni pullarının öz yeri var, çünki onları mənə İkinci Qarabağ Müharibəsindən sonra bağışlayıblar, onlar mənim üçün xüsusi önəm kəsb edir.


-Misal üçün, mənim bu Tanzaniyanın kərgədanlı sikkəsindən çox xoşum gəldi, onun haqqında nə danışa bilərsiniz?


- Gəlin o, sirr olaraq qalsın, danışa bilmərəm (gülür). O pulu mənə xüsusi şəxs hədiyyə edib, ancaq bu hekayəni sizə danışa bilməyəcəm.   


- Doğrudan da çox maraqlıdır!


- Bəli, lakin o cür tarixçəsi olan pullar kolleksiyamda azlıq təşkil edir. Qalan əksər pulları mən ya satıcılardan, ya da müxtəlif satış veb-saytlarından alıram. 


- Deyə bilərsiniz, kolleksiyada ən bahalı pul hansıdır?


- “Nikolayın başı” deyirlər, məndə olan ən bahalı sikkə - Çar Nikolayın dövründən qalmış, qızıldan olan 5 rus rubludur. Təxminən 1200-1300 manat qiyməti var.


- Bəs sizin çox istədiyiniz, lakin hələ də əldə edə bilmədiyiniz pul var?


- Bəli, həmin pul “Svastika” adlanır və faşist Almaniyasına aiddir. Onu “Ebay” saytından 20 dollara alsam da, 4 aydır ki, yolunu gözləyirəm, heç cür mənə gəlib çıxmır.  


- Sizcə, hansı ölkənin pul əskinası görünüşünə görə digərlərindən daha gözəldir?


- Fikrimcə bu, İtaliyanın köhnə pullarıdır, çünki onların üzərində qədimi arxitekturalar və tarixi şəxsiyyətlər əks olunub.


Ələkbər, olduqca səmimi və maraqlı keçən söhbətimiz üçün təşəkkür edirik. Sizə həm köhnə, həm də müasir həyatda istifadə olunan çoxlu-çoxlu pullar arzu edirik!